. : MƏTBUAT BÜLLETENİ

 

Bələdiyyə seçkilərinə hazırlıqla bağlı məlumat 

Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçiriləcəkdir.  1718 bələdiyyə üzrə 15 682 nəfər  bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın   bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb. Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubəyytini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən  6108 nəfərini qadınlar təşkil edir. 15 773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 600 minə yaxın seçicinin adı var.
Seçkiləri 50 minə yaxın müşahidəçi izləyəcək və onlardan 54-ü beynəlxalq müşahidəçidir ki, 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edirlər.   KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün akkreditasiya tələb olunmur. Səsvermə 23 dekabrda saat 8.00-da başlayacaq, 19.00-da başa çatacaqdır. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcəkdir.
Səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. İstənilən şəxs MSK-nın internet səhifələrinə(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) daxil olaraq, həmin məntəqələrdə səsvermə prosesini fasiləsiz izləyə biləcəkdir.
Xatırladaq ki, 23 dekabr bələdiyyə seçkiləri Azərbaycan Respublikasında keçirilən ölkə miqyaslı üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə  seçkisi 1999-cu ildə , ikincisi isə  2004-cü ildə keçirilib.


[21.12.2009] Avropa Şurasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasinin sədri ilə görüşmüşlər

Ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Nümayəndə heyətinin rəhbəri xanım Qaye Doğanoğlu bir daha Mərkəzi Seçki Komissiyasında olduğundan məmnunluğunu və səmimi qarşılanmaya görə təşəkkürünü bildirmişdir.
MSK-nın sədri  rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusui önəm verdiyini bildirmiş və 1999-cu ildən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə başlanmış faydalı əməkdaşlığa söykənən əlaqələrdən məmnun olduğunu qeyd etmişdir. Səsvermə gününə bir neçə gün qaldığını xatırladan sədr bildirmişdir ki, seçki məntəqələri səsverməyə tam hazırdır. Seçicilərin maarifləndirlməsi ilə bağlı görülən işlər davam etdirlir. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları və səsverməyə çağırış məzmunlu  videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanır.  Səsvermənin yeri və vaxtı barədə  bildirişlər hazırlanaraq seçicilərə çatdırılmışdır. Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazrlanaraq əhalinin sıx olduğu yerlərdə asılmışdır. Bu günədək 50 mindən çox müşahidəçi qeydə alınmışdır. KİV nümayəndələrinin isə səsvermənin gedişini izləmələri üçün heç bir qeydiyyat tələb olunmur.
M. Pənahov seçki prosesinə hazırlıqla bağlı qonaqları maraqlandıran digər sualları da cavablandırmışdır.
Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[19.12.2009]
Dekabrın 19 -da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə məsələyə baxılmış, 2 saylı Şərur, 58 saylı Hacıqabul – Kürdəmir, 69 saylı Cəlilabad – Masallı –   Biləsuvar və 122 saylı Xankəndi dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunmuşdur.
İclasda 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə  seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılmasına dair məsələ müzakirə edilmişdir. Müraciətlərdən 3-ündə tələb aydın olmadığından, 2-si isə seçki qanunvericiliyinin tələblərinə uyğun  verilmədiyindən həmin müraciətlərin geri qaytarılması barədə qərar çıxarılmışdır. Müraciətlərin 1-i təmin olunmuş, 1-i isə əsassız olduğundan təmin edilməmişdir. Bir müraciət isə araşdırıması üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[09.12.2009]
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının müşahidəçilər üçün hazırladığı “Müşahidəçilər üçün yaddaş” kitabçası işıq üzü görmüşdür. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunmuş, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri izah edilmişdir.  Kitabçada müşahidəçilərin riayət etməli olduğu, həmçinin onlara qanunla qadağan edilən məsələlər barədə ətraflı məlumatlar verilmişdir.  Yaddaş kitabçası Seçki Məcəlləsinin və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanmışdır.
Xatırladaq ki, “Müşahidəçilər üçün yaddaş” kitabçası Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramının tərkib hissəsidir.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti

 

 

 

 


[08.12.2009]
Dekabrın 8 -də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə seçkilərin yekunlarının müəyyən olunmasına dair məsələyə baxılmışdır. MSK qərara almışdır ki, 2009-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində əraziləri bir neçə seçki dairəsi arasında bölünmüş bələdiyyələr üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyaları protokollarının tərtib edilməsi “Əraziləri seçki dairələri arasında bölünmüş bələdiyyələr üzrə səsvermə protokollarının tərtibinə dair Cədvəl”ə uyğun olaraq müəyyən olunsun.
Sonra bələdiyyə seçkilərində “Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası” və “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit poll” keçirmək üçün qeydə alınmaları barədə müraciətinə  baxılmışdır. Komissiya həmin qurumların qeydə alınması barədə qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyası 17 saylı Yasamal üçüncü, 20 saylı Nərimanov ikinci, 45 saylı Abşeron və 79 saylı İmişli seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər  edilməsi barədə qərar çıxarmışdır.
MSK-nın iclasında cari məsələlərə də baxılmışdır.
İclasda ATƏT- in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[07.12.2009]
AVROPA ŞURASININ MÜŞAHİDƏÇİLƏRİ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA OLMUŞLAR

Ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin müşahidəçilərindən ibarət nümayəndə heyəti dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşmüşdür.
Nümayəndə heyətinin rəhbəri xanım Qaye Doğanoğlu səmimi qəbula görə təşəkkür etmiş və dekabrın 23-nə təyin olunmuş bələdiyyə seçkiləri ilə bağlı komissiyanın gördüyü işlər, atacağı addımlarla maraqlanmışdır.
MSK-nın sədri qurumun Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi ilə 1999-cu ildən etibarən əməkdaşlıq etdiyini vurğulamış və görüşdən məmnunluğunu ifadə etmişdir. O, bələdiyyə seçkilərində mühüm bir mərhələ olan namizədlərin qeydə alınması prosesinin artıq başa çatdığını və 32 minə yaxın namizədin qeydə alındığını nəzərə çarpdıraraq bildirmişdir ki, 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınmışdır. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı təmsil edirlər. Onların 6 min 180 nəfəri, yəni 19,5 faizi qadınlardır. Noyabrın 25-dən seçkiqabağı təşviqat prosesi başlamış və bu işdən ötrü hərtərəfli şərait yaradılmışdır. Bu günədək 20 minə yaxın müşahidəçi akkreditə olunmuşdur. Proses davam edir. MSK ənənəvi olaraq genişmiqyaslı maarifləndirmə proqramı həyata keçirir. Dairə seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar, Prezident Administrasiyası və MSK-nın ATƏT-in Bakı ofisi ilə birgə yerli icra hakimiyyəti başçıları və DSK sədrləri üçün təşkil etdikləri məlumat sessiyaları, DSK trenerləri üçün treninqlər bu qəbildəndir. Hazırda dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər davam edir. Bundan əlavə, MSK ABŞ-ın Seçki Sistemləri üzrə Beynəlxalq Fondu ilə birgə “Seçki günü üçün yaddaş” kitabçası hazırlayaraq komissiyaların üzvlərinə çatdırmışdır. Müşahidəçilər üçün də yaddaş kitabçası hazırlanır və bu günlərdə işıq üzü görəcəkdir. M.Pənahov seçicilərin maarifləndirilməsi ilə bağlı həyata keçirilən və nəzərdə tutulmuş layihələr barədə də məlumat verərək bildirmişdir ki, seçkilərin ədalətli, şəffaf və demokratik şəraitdə keçirilməsindən ötrü bütün zəruri addımlar bundan sonra da atılacaq və seçkidə iştirak edən vətəndaşların seçki hüquqları tam təmin olunacaqdır.
Nümayəndə heyəti seçkilərin demokratik şəraitdə keçiriləcəyinə əminlik ifadə etmişdir.
Görüşdə Avropa Şurası ilə Mərkəzi Seçki Komissiyası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


[01.12.2009]
Dekabrın 1-dən etibarən aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanmışdır. Aşağı seçki komissiyalarının 30 minə yaxın üzvünü əhatə edəcək treninqlərin keçirilməsində məqsəd komissiya üzvlərinin peşə hazırlığı səviyyələrinin daha da yüksəldilməsidir.  Treninqlər Mərkəzi Seçki Komissiyasının Treninq qrupu tərəfindən hazırlanmış trenerlər (hər dairə seçki komissiyası üzrə 2 trener) tərəfindən keçirilir.  Aşağı seçki komissiyalarının üzvləri kiçik qruplar şəklində treninqlərdə iştirak edirlər.
Həmin trenerlər aşağı seçki komissiyalarının üzvlərinə səsvermə günü həyata keçiriləcək seçki hərəkətləri ilə bağlı təqdimatlar edir və praktiki məşğələlər keçirlər. Trenerlər təqdimat və məşğələlərin daha səmərəli keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən əyani vəsaitlər, müasir multimedia vasitələri və  s. texniki avadanlıqlarla təchiz olunmuşlar.
MSK tərəfindən təqdim olunmuş qrafikə uyğun olaraq keçirilən treninqlər dekabr ayının 10-dək davam edəcəkdir.
Xatırladaq ki, bu tədbir Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri ilə bağlı hazırladığı maarifləndirmə proqramının tərkib hissəsidir.

Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti


Mərkəzi Seçki Komissiyası Bakı - Azərbaycan
AZ 1000 Rəsul Rza 3
Tel/Faks: (994 12) 493 60 08 • Elektron poçtu: office@cec.gov.az

© Mərkəzi Seçki Komissiyası